Məzmuna keç

Atina

Şəhər
Atina
Atinaya mənzərə
Atinaya mənzərə
41°37′13″ şm. e. 13°47′54″ ş. u.HGYO
Ölkə İtaliya
Tabeliyində Kapo di Çinа, Kolle Alto, Kolle Melfa, Le Sode, Ponte Melfa, Rozanisko, Sabina, San Martsyano, Settinyano
Əyalət Latsio
Qraflıq Frozinone əyaləti
Tarixi və coğrafiyası
Sahəsi 29,89 km²
Mərkəzin hündürlüyü 481 m
Saat qurşağı UTC+1 , yayda UTC+2
Əhalisi
Əhalisi 4.100 nəfər (31 iyul 2021)
Rəqəmsal identifikatorlar
Telefon kodu +39 0776
Poçt indeksi 03042
Nəqliyyat kodu FR
Digər
comune.atina.fr.it
Xəritəni göstər/gizlə
Atina xəritədə
Atina
Atina
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Atina — İtaliyanın mərkəzi hissəsində, Latsio regionunda, Frozinone əyalətində yerləşən şəhər və bələdiyyədir. Atina İtaliyanın ən gözəl kənd və qəsəbələrini birləşdirən I Borghi più belli d'Italia assosiasiyasının üzvüdür.[1] Şəhərin iqtisadiyyatı əsasən kənd təsərrüfatına, o cümlədən zeytun yağı, şərab və lobya istehsalına əsaslanır.

Atina samnitlərin şəhəri olmuş, daha sonra Roma tərəfindən fəth edilmişdir. Mark Tulli Siseron Atinanı, iri torpaq sahiblərinin hələ üstünlük təşkil etmədiyi, çiçəklənən kənd şəhəri kimi təsvir edirdi.[2] Yazılı kitabələr də göstərir ki, Roma imperatorluğu dövründə şəhər hələ də çiçəklənirdi.[3]

Qərbi Roma imperiyasının süqutundan sonra, Atina Lombardlar tərəfindən ələ keçirildi və 702-ci ildə Benevento hersoqluğunun tərkibinə daxil edildi. Daha sonra şəhər Kapua hersoqluğunun hakimləri, Marsi qrafları və Akvino qrafları tərəfindən idarə olundu. Atina Alvito qraflığının, daha sonra isə hersoqluğunun tərkibində Komino vadisinin böyük hissəsi ilə birlikdə idarə edilirdi. Şəhər 1860-cı ilə qədər Neapol krallığının tərkibində qaldı.

Əvvəllər Terra di Lavoro əyalətinin tərkibində olan Atina, 1929-cu ildə Frozinone əyalətinə daxil edildi.

Görməli yerlər

[redaktə | vikimətni redaktə et]

Şəhərin bəzi hissələrində diqqətlə yonulmuş polqonal hörgü daşlarından tikilmiş qədim müdafiə divarlarının qalıqları qorunub saxlanılmışdır. Bu divarların əhatə etdiyi ərazi müasir şəhərdən daha genişdir. Daş bloklar bir-birinə olduqca dəqiq uyğunlaşdırılmış və minilliklər ərzində zəlzələlərə davamlı quruluş yaratmışdır. Bu hörgünün daşlarının necə yonulduğu və daşındığı hələ də tam aydın deyil və sonrakı dövrlərin inşaatçıları da, bu üsulu eyni şəkildə təkrarlaya bilməmişlər.

Siklopik istehkamlar iki əsas tipə bölünür: polqonal və düzbucaqlı. Polqonal daş bloklar mürəkkəb bir-birinə keçmə üsulu ilə düzülmüş, səthləri isə yonulmuş və ya işlənməmişdir. Düzbucaqlı bloklar isə paralel cərgələr şəklində yerləşdirilmiş və iskənə ilə işlənmişdir. Bu qalıqlardan biri Qrakkilərin dövründə torpaqların bölüşdürülməsi ilə əlaqəli sərhəd daşıdır. Belə daşlardan daha altı nümunə Kampaniya və Bazilikata ərazilərində aşkar edilmişdir.[3][4]

Digər görməli yerlərə aşağıdakılar daxildir:

  • Dük sarayı (Palazzo Ducale) — 1349-cu ildə zadəgan Rostaino Kantelmo tərəfindən qotika üslubunda inşa edilmişdir. Fasadında üç ədəd tağlı pəncərə və qədim Roma relyefi ilə bəzədilmiş sivri tağlı portal vardır. “Zadəgan mərtəbəsi”ndə e.ə. II əsrə aid mozaika qorunur.
  • Santa Maria Assunta kafedralı — barokko üslubunda tikilmişdir. İlk kilsə XI əsrdə Saturn tanrısına həsr olunmuş məbədin qalıqları üzərində inşa edilmiş, hazırkı barokko görünüşünü isə XVIII əsrdə almışdır. Kilsənin bir əsas və iki yan nefi vardır. Burada Vəftizçi İohann, Foma Akvinalı və İsanın görkəm dəyişməsini təsvir edən freskalar Teodoro Mançini (1796–1868) tərəfindən çəkilmişdir.
  • Müqəddəs Fransisk monastırı — XVII əsrdə tikilmiş və 1865-ci ilə qədər fransiskan rahibləri tərəfindən istifadə edilmişdir. Həmin il monastır tərk edilmiş, 1871-ci ildə isə Atina bələdiyyəsinin mülkiyyətinə keçmişdir.

Atina DOC şərabları

[redaktə | vikimətni redaktə et]

Atinanın qədim sərhədləri ətrafındakı çayların gətirdiyi marl çöküntülərindən ibarət üzümçülük torpaqları, qırmızı şərab istehsalında ixtisaslaşan Denominazione di origine controllata (DOC) zonasının tərkibinə daxildir. Atina DOC-nun standart qırmızı şərabı 50–70% Kaberne-sovinyon və hər biri 10–30% olmaqla Şiraz, Merlo və Kaberne Frank sortlarından hazırlanır. Qarışığın 15%-dək hissəsini Abbuoto kimi digər yerli qırmızı üzüm sortları təşkil edə bilər. Cabernet etiketi ilə satılan şərabların tərkibində ən azı 85% Kaberne Sovinyon və ya Kaberne Frank olmalıdır.

DOC şərabı üçün nəzərdə tutulan üzümlərin məhsuldarlığı, 1 hektarda 12 tondan çox olmamalıdır. Hazır şərabın alkoqol dərəcəsi ən azı 12% olmalıdır. Ayrı Riserva kateqoriyalı şərab istənilən DOC şərabından hazırlana bilər, lakin onun alkoqol dərəcəsi ən azı 12,5% olmalı və satışa çıxarılmazdan əvvəl ən azı iki il yetişdirilməlidir.[5]

[6]

  1. ↑ "Lazio" (italyan). 9 yanvar 2017. 8 noyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2023.
  2. ↑ Marcus Tullius Cicero. Cicero: Letters to Atticus: Volume 2. Cambridge University Press. 10 iyun 2004. 228–. ISBN 978-0-521-60688-2.
  3. 1 2  One or more of the preceding sentences incorporates text from a publication now in the public domain: Kisholm, Hyu, redaktorAtina s.v. 2. // Britannika Ensiklopediyası. 2 (XI). Cambridge University Press. 1911. səh. 852.
  4. ↑ Lorenzo Quilici; Stefania Quilici Gigli. Urbanizzazione delle campagne nell'Italia antica. L'ERMA di BRETSCHNEIDER. 2001. ISBN 978-88-8265-184-8.
  5. ↑ P. Saunders Wine Label Language pp. 123 Firefly Books 2004 ISBN 1-55297-720-X
  6. ↑ Armando Mancini. "La Storia di Atina. Raccolta di scritti vari". 1994.